Bu gün Azərbaycan millisinə yeni təyin olunmuş Fernandu Santuşun təqdimat mərasimi keçirildi.
Offsideplus.az xəbər verir ki, təqdimatdan sonra portuqaliyalı mütəxəssis jurnalistlər önünə çıxıb və onların suallarını cavablandırdı:
– Düşünürəm ki, proseslər haqda danışmaq üçün kifayət qədər vaxtımız olacaq. AFFA rəhbərliyinə etimada görə təşəkkür edirəm. Danışıqlar zamanı onların layihələrini, planlarını bilmək maraqlı idi. Bunlar mənim qərar verməyim üçün önəmli oldu. Qarşılıqlı anlaşma, bir-birini başa düşmək gələcək layihələri həyata keçirmək baxımından önəmlidir. Burdayamsa, AFFA rəhbərliyi bu planları həyata keçirmək üçün məni layiq görüb, buna görə də məmnunam. Bu layihə bu günün və sabahın deyil. Bu uzun zamana hesablanan proyektdir. Düşünürəm ki, birlikdə uğura nail olub, tarix yazacağıq. Bunun üçün klublarla da işləmək önəmlidir. Əminəm ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, birlikdə böyük yarışların final mərhələlərində iştirak edəcəyik. Bir daha federasiya rəhbərliyinə təşəkkür edirəm. Başqa təkliflər də var idi, amma mən bu layihəyə inandığım üçün buradayam.
– Təcrübəli məşqçisiniz. Bir çox millilərdə uğur qazanmısınız. Amma Azərbaycan yığması ilk “100-lük”də deyil. Təklif nə dərəcədə cəlbedici oldu?
– Həqiqətən cəlbedici oldu. Çalışmalıyıq ki, millini ilk “100-lüy”ə daxil edək. Bu mənim üçün motivasiyadır.
– Gürcüstan Avropa çempionatında iştirak edəcək. Azərbaycanı elə yarışlarda görmək üçün hansı planlarınız var?
– Həqiqətən də gürcülərin belə yarışlarda iştirakı bizim üçün motivasiyadır. Qazaxıstan da buna yaxın idi. 2028-ci ildə hədəfimiz qitə yarışına vəsiqə qazanmaqdır. Buna şərait var. Jurnalistlərin və xalqın inamı bizim üçün önəmlidir. Bu nəticələr göydən düşmür. Uzun layihələr olmalıdır. Azərbaycan buna cəhd edib, amma alınmayıb. Motivasiyam bu nəticələri dəyişməkdir. Ümid edirəm ki, bu, bizdə alınacaq. Qeyd edim ki, mən Azərbaycanda yaşayacam. Ölkənin mədəniyyəti ilə tanış olacağam. Oyunları yola verib, ölkəmizə qayıtmaq istəmirik. Ailəmlə birlikdə burada yaşayacam.
- Özünüzdə enerji hiss edirsiniz bu layihəni sona çatdırmağa?
– Tam enerjili və motivasiyalıyam. Tam köklənmişəm bu işə. (3+1) müqaviləm var, inanıram ki, uğurlu olacaq.
– Əcnəbi məşqçilərdən daha çox hücumameyilli futbol istəmişik. Sizin ifanızda belə oyun görə biləcəyik?
– Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm də müdafiə olunmaq lazımdır. Millinin son iki oyununu izləmişəm. Bir çox insanlar statistikaya diqqət yetirir. Bu məsələyə çox diqqət etmirəm. Həm qol vurmaq, həm də qapının toxunulmazlığını saxlamaq lazımdır. Əsas qələbədir. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlar cəlbedici futbol görmək istəyir. Onları stadiona cəlb etmək üçün yaxşı oynamağa çalışacağıq.
– Azərbaycanı seçməkdə “Beşiktaş” rəhbərliyinin təsiri olub?
– “Beşiktaş” rəhbərliyi ilə münasibətimiz yaxşıdır. Amma onların hər hansı təsiri olmayıb. Danışıqlarım baş katib və prezidentlə oldu.
– Türkiyədə işləmisiniz, bu sizin Azərbaycana uyğunlaşmanız üçün kömək ola bilər?
– Mənə elə gəlir ki, Türkiyənin Azərbaycan qonşu olması, uyğunlaşmaya kömək olacaq. Azərbaycana ilk dəfə gələndə yaxşı mənada təəccübləndik. Belə şəhərlə qarşılaşacağımızı gözləmirdik. Burada yaşayacağıq, uyğunlaşmağa məcburam.
– Azərbaycan futbolunun vəziyyətini bilirsiniz. Uğursuzluq olacağıq halda, bizi günahlandırıb, bu nəticəni hansısa vəziyyətlə ötrbastır etməyə çalışmayacaqsınız?
– Narahat olmayın, sizi günahlandırmayacağam. Uğursuz nəticədə məsuliyyəti məşqçilər daşıyır. Siz öz işinizi görürsünüz. Biz sizin fikrinizlə razıyıq, ya yox, bu başqa məsələ. Hədəflərimiz bəllidir, hamınızın dəstəyi ilə hədəfimizə çatmağa çalışacağıq.
– Türkiyə AÇ-2024-də Portuqaliya ilə eyni qrupdadır. Komandanın şanslarını necə qiymətləndirirsiniz? Ölkəmizdə işləmisiniz və bəzi oyunçularımızı tanıyırsınız.
– Əslində burada yığışmağın məqsədi başqadır. Bu haqda çox danışmaq istəmirəm. Lakin düşünürəm ki, Türkiyə Avropa çempionatında uğurlu çıxış edəcək. Uzun müddət milli komandalarda çalışmışam, indi yeni yığmaya təyinat alıram. Ona görə də hansısa millinin çıxışını müzakirə etmək istəmirəm.
– Qeyd etdiniz ki, millinin son oyunlarını izləmisiniz. Sizin diqqətinizi çəkən hər hansı oyunçu oldu?
– Sonuncu oyunlara baxdım. Komandada müsbət keyfiyyətlər görünür. Fərdi olaraq hər hansı oyunçunu qeyd etmək istəmirəm. Düzdür, bəzi oyunlarda fərdi keyfiyyətlər bəzən oyunun taleyini həll edir. Amma futbol komanda idman növüdür. Burda olacağıq, çempionatı izləyəcəyik, legionerlərin oyunları diqqətimizdə olacaq. Köməkçilərim də təhlilər aparacaq. Əsas kollektivdir.
– Azərbaycanlı futbolsevərlər ən qısa müddətdə sizdən nə vaxt uğurlu nəticə görəcək?
– Mümkün qədər yaxşı nəticələr qazanmağa çalışacam. Ortada reallıq var. Bizdən asılı olsa, ən qısa müddətdə qazanmaq istəyərik. Statistika var, real yanaşmaq lazımdır. Deyə bilmərəm kİ, biz sabah qələbə qazanacağıq.
– Strategiyanı başa çatdırmağa bu 4 illik zaman bəs edəcək?
– Biz danışıqlar zamanı qərara gəldik ki, 4 illik müddət yetərlidir. Həm Azərbaycan xalqının, həm də federasiyanın hədəflərini 2028-ci ilə qədər həyata keçirmək olar.